Prezident İlham Əliyevin tapşırığına əsasən, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb.
AZƏRTAC-a istinadən verilən məlumata görə, köçürülən ailələr respublikanın müxtəlif bölgələrində – əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Köçürülmə prosesi “Pelican Service” MMC tərəfindən təşkil olunub. İlk mərhələdə Xanyurdu kəndinə 33 ailə (122 nəfər), Təzəbinə kəndinə isə 28 ailə (125 nəfər) yerləşdirilib.
Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində 50 mindən çox insan yaşayır. Onların arasında ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə həyata keçirilən layihələrdə çalışan şəxslər, eləcə də səhiyyə, təhsil, mədəniyyət, sənaye, turizm və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər də var.